Artıq
15 ildir ki, keçirilməsi ənənə halını almış bu aksiya 23 noyabr 2024-cü il
tarixində Sumqayıt şəhərindəki "Poeziya evi"ndə baş tutub. Tədbirin əsas
məqsədi hər iki valideynini itirmiş və tək ananın övladları olan, eləcə də
fiziki qüsurlu uşaqların mövsümi qış geyimləri ilə təmin edilməsidir.
Aksiya
ənənəvi olaraq bir sıra təşkilatların dəstəyi ilə keçirilib. "SOCAR
Polymer" MMC, "Paşa Həyat Sığorta", SOCAR-ın Karbamid zavodu və
Aqrar Kredit təşkilatının dəstəyi ilə alınan qış geyimləri uşaqlara təqdim
olunub. Bu xeyriyyə təşəbbüsü ilə 195 uşağın qəlbinə sevinc bəxş edilib.
Tədbirdə
"SOCAR Polymer" şirkətinin əməkdaşı Aygün Müsayeva, "Paşa Həyat
Sığorta" ASC-nin məsul işçisi Aysun Şahəliyeva, SOCAR-ın Karbamid
zavodunun əməkdaşı Qurban Əhmədov və Abşeron-Xızı Regional Gənclər və İdman
İdarəsinin nümayəndəsi Həsən Həsənli iştirak ediblər.
Tədbiri
giriş sözü ilə açan AzQAC Sumqayıt Regional Mərkəzinin Koordinatoru Mətanət Məhərrəmova
qonaqları salamlayaraq, aksiya iştirakçılarını Sumqayıt şəhərinin 75 illik
yubileyi münasibətilə təbrik edib. O, aksiyaya dəstək verən bütün təşkilat
nümayəndələrinə təşəkkürünü bildirərək, bölmə adından Təşəkkürnamələr təqdim
edib.
Daha
sonra hazırlanan geyim əşyaları siyahı əsasında uşaqlara paylanılıb. Tədbirdə şəhid
ailələri, qazilər və digər iştirakçılar təşkilatçılara göstərilən diqqət və
qayğı üçün minnətdarlıq ifadə ediblər.
Ümumilikdə bu aksiyadan 195 uşaq yararlanıb.